“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakəndə keçirilib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir sentyabrın 21-də Balakən rayonunda keçirilib.

Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

AFFA-nın və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şərif kəndindən 50 məktəbli iştirak edib.

Tədbirdə iştirak edən uşaqlarda futbola maraq yaratmaq və artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Nəsib Məhəməliyev, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin müdiri Rasim Paçalov və digərləri iştirak ediblər.

Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.

Xəbər 336 dəfə oxundu.