“Maklaren”in icraçı direktoru Zak Braun komandanın gələcək planlarından danışıb
Son illər yüksək yerlər uğrunda mübarizə apara bilməsə də, bu mövsüm “Maklaren”in çıxışı diqqət çəkir. Təsadüfi deyil ki, bu komanda Mühəndislər Kubokunda yalnız “Mercedes” və “Red Bull”dan geri qalır. Bu isə gələcəklə bağlı “Maklaren” azarkeşlərini daha da ümidləndirir.

Bunu Formula 1 üzrə dünya çempionatında çıxış edən “Maklaren”in icraçı direktoru Zak Braun komandanın gələcək planlarından danışarkən deyib.

Təcrübəli funksioner büdcə ilə bağlı limitin tətbiq ediləcəyini işlərinə müsbət təsir göstərəcəyini söyləyib: “Maklaren”in əsas hədəfi rəqiblərini qabaqlamaq və ilk pilləyə yüksəlməkdir. Son illər bu mənada “Mercedes” üstünlüyü ələ alıb. Əlbəttə, hazırda “Ferrari”dən üstün olmağımız məni sevindirir. Halbuki, son illər onlardan geri qalırdıq. Mənə elə gəlir ki, 2022-ci ildən etibarən bütün komandaların uğur qazanmaq şansı olacaq. Nəzərə alaq ki, “Reno” da iddiasını artıracaq. Hələ “Reysinq Point”i də unutmayaq. Onlar 4 qat dünya çempionu Sebastyan Fetteli heyətinə qatıb. Büdcəyə limit qoyulması işimizə yarayacaq. Beləliklə də biz Formula 1-də yeni eraya qədəm qoyacağıq”.

Xatırladaq ki, Z.Braun 2016-cı ildən “Maklaren”in icraçı direktoru vəzifəsində çalışır. Məhz onun gəlişindən sonra son illər iddiasını itirən komanda yüksəlişə keçib.

Xəbər 465 dəfə oxundu.