İkiqat Avropa çempionu Rafiq Hüseynov: Əsas hədəfimiz Olimpiya Oyunlarında medal qazanmıqdır
Hazırda açıq hava şəraitində məşqlərimizi davam etdiririk. Sərt karantin günlərində ev şəraitində yığma komandanın məşqçilərinin verdiyi proqrama əsasən məşq edirdik. Federasiya tərəfindən bunun üçün lazım olan avadanlıq və inventarla təmin olunmuşduq.

Bunu yunan-Roma güləşi üzrə dünya ikincisi və ikiqat Avropa çempionu Rafiq Hüseynov sentyabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

Avropa çempionu bildirib ki, bir ay ərzində tam formaya düşəcəyimizi düşünürəm. Əsas hədəfimiz Olimpiya Oyunlarında medal qazanmıqdır. Bizim işimiz hazırlaşmaqdır. Ümid edirəm ki, Tokio Olimpiadası gələn il baş tutacaq. Əlbəttə, təxirəsalma xoşagələn hal deyil. Ancaq hamı bu vəziyyətlə üzləşib. Səbr edib, gələnilki Olimpiadanı gözləməliyik və buna səylə hazırlaşmalıyıq.

Xatırladaq ki, Dünya Güləş Birliyi (UWW) dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var. Qurum oktyabrın 5-də baş tutacaq İcraiyyə Komitəsinin iclasında pandemiyanın inkişaf tempini nəzərə alaraq Serbiyada təşkil olunması nəzərdə tutulan dünya çempionatının taleyinə aydınlıq gələcək.

AZƏRTAC

Xəbər 435 dəfə oxundu.