Avroliqada qeyri-müəyyən vəziyyət hökm sürür
Ötən mövsüm Avroliqanın nəticələrinin ləğv olunması basketbol həvəskarları arasında narazılığa səbəb olmuşdu. Məcburiyyətdən belə qərar qəbul etmələrinə baxmayaraq, klub rəhbərləri də bununla razılaşmamışdı.

Rusiyanın SSKA klubunun prezidenti Andrey Vatutinin Avroliqanın gələcəyi ilə bağlı bədbin fikirlər səsləndirib. Rusiya mətbuatına açıqlama verən klub funksioneri oktyabrın 1-də start götürəcək yeni mövsümdə xeyli problemlərlə üzləşəcəklərini bildirib: “Avroliqa mövsümün start götürməsi və ümumiyyətlə sona qədər keçirilməsi ilə bağlı maksimum güc sərf edir. Amma basketboldan kənar problemlərin yaşanacağı istisna deyil. Yenidən koronavirusla bağlı problemlər yaşanacağı halda, oyunlar təxirə salına bilər. Hətta bəzi komandaların buna görə texniki məğlubiyyətlə üzləşəcəyi istisna deyil. Ümumiyyətlə, mövsüm yenə də yarımçıq dayandırılsa, biz turnirlə həmişəlik vidalaşa bilərik”.

Rusiya Basketbol Federasiyasının prezidenti Andrey Kirilenko da qeyri-müəyyən vəziyyətin hökm sürdüyünü etiraf edib: “Bəli, vəziyyət heç də ürəkaçan deyil. Mən mövsümün gedişində bəzi oyunların təxirə salınacağına da əminəm. Hətta indi hazırlıq turnirlərində belə komandalar problemlər yaşayır”.

Türkiyənin “Anadolu Efes” klubunun baş məşqçisi Ergin Ataman isə Avroliqanı tənqid edib: “Mən Andrey Vatutinlə tam razıyam. Avroliqa ötən mövsümü ləğv etməklə bağlı yanlış addım atdı. Məncə, onların özləri də indi buna görə peşmandırlar. Liqa mövsümü tamamlaya bilmirsə, biz onlara necə etibar edə bilərik? Ona görə də bu dəfə eyni səhvi təkrarlamamaq üçün əllərindən gələni edəcəklər”.

Xəbər 541 dəfə oxundu.