Qızlar arasında Yunis Kennedi Şrayver Gününə həsr olunmuş futbol turniri keçirilib
Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 24 sentyabr - Yunis Kennedi Şrayver Gününə həsr olunmuş qızlar arasında futbol turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksində açıq havada təşkil edilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarının komandaları iştirak ediblər. Yarışda 20 təşkilatdan 40 komanda mübarizə aparıb. Turnirin yekununda fərqlənən komandalar kubok və medallarla təltif olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, xüsusi Olimpiya hərəkatının əsası ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi Şrayver tərəfindən qoyulub. O, fiziki və əqli qüsurlu insanların cəmiyyətə inteqrasiyası və onların bacarıqlarının inkişafı sahəsindəki xidmətlərinə görə 1984-cü ildə ABŞ Prezidenti tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.

Xəbər 317 dəfə oxundu.