“Universiada-2023”ün Atletlər Kəndinin inşası üçün icazələr ilin sonunadək alınacaq
2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Atletlər Kəndinin obyektlərinin inşası üçün icazələr 2020-ci ilin sonunadək alınacaq.

Bu barədə TASS informasiya agentliyinə Sverdlovsk vilayətinin İnşaat naziri Mixail Volkov məlumat verib. O qeyd edib ki, ilk obyektlərin dövlət ekspertizasının bütün mərhələləri vaxtında başa çatıb. Bundan əlavə, nazir noyabr və dekabr aylarında 50 min kvadratmetr sahəsi olan Su İdmanı Sarayı və digər obyektlərlə bağlı da rəylərin alınmasının planlaşdırıldığını açıqlayıb.

“Universiada-2023”ün beş kompleksdən ibarət olacaq Atletlər Kəndinin ümumi sahəsi 230 min kvadratmetrdən çoxdur.

Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 641 dəfə oxundu.