“Qarabağ” və “Molde” komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində sentyabrın 16-da saat 21:00-da qarşılaşacaq Ağdamın “Qarabağ” və Norveçin “Molde” komandalarının start heyətləri açıqlanıb.

Kiprdəki “AEK Arena”da stadionunda keçiriləcək oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Molde”nin ilk onbirliyində isə meydana Andreas Linde, Stian Qreqersen, Maqnus Eykrem, Leke Ceyms, Martin Ellinqsen, Erlinq Knudtcon, Ecas Xussayn, Fredrik Eyrsnes, Eyrik Xestad, Xenri Uonqo və Kristoffer Xeuqen çıxacaqlar.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Scran Yovanoviç olacaq. Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Xəbər 462 dəfə oxundu.