Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə futbol turniri keçiriləcək
Sentyabrın 17-18-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 24 Sentyabr - Yunis Kennedi Şrayver Gününə həsr olunmuş qızlar arasında futbol turniri keçiriləcək.

Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçiriləcək yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak edəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçiriləcək turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xatırladırıq ki, xüsusi Olimpiya hərəkatının əsası 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi Şrayver tərəfindən qoyulub. İlk Xüsusi Olimpiya Oyunları 1968-ci ildə Çikaqo şəhərində keçirilib. 1988-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Xüsusi Olimpiya Komitəsini tanıyıb və birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Beynəlxalq komitənin qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. Azərbaycan Xüsusi Olimpiya Komitəsi isə 1991-ci il noyabrın 30-da yaradılıb.

Xəbər 435 dəfə oxundu.