“PUBG Mobile” üzrə onlayn Azərbaycan Birinciliyi davam edir
“Gaming League Azerbaijan”ın (GLA) təşkil etdiyi “PUBG Mobile” üzrə onlayn Azərbaycan birinciliyi davam edir. Turnirə 512 komanda qatılıb.

Sentyabr 12-də baş tutan turnir günündə 3 xəritədə 32 komanda arasında oynanılan oyunda günün birincisi Bakı təmsilçisi “CLAY GLA” komandası olub. Cütlük oyun ərzində 49 xal və 21 “kills”a yadda qalıb. İkinci pillədə isə 40 xal 26 “kills” “PMCO boys” (Xızı) komandası olub. Oyunun ən çox “kills” nəticəsini “PMCO boys” cütlüyündən “racZAKON” ləqəbli Səfərli Ağasadiq göstərib.

Sentyabrın 13-də keçirilən görüşlərdə isə Bakını təmsil edən “Evan team” komandası 86 xal 32 “kills”a birinci olub. İkinci ən yaxşı göstəricini isə Sumqayıtı təmsil edən “RICHTIGER WEG” komandası əldə edib. Sumqayıtlılar oyun ərzində 47 xal 10 “kills” nəticəsi göstərib. Səkkiz “kills”a günün birincisi “Evan team” olub.

“PUBG Mobile" Azərbaycan birinciliyi uğrunda mübarizə 1024 iştirakçı ilə davam edir. Komandalar 16 qrupa bölünüb və bu komandalar öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayırlar.

“PUBG Mobile” virtual döyüş növü üzrə yarışda hər qrupda ilk 2 yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən müxtəlif markalı 10 mobil telefon hədiyyə ediləcək.

GLA-nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.

2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılması daxildir.

“PUBG Mobile” həvəskarlarının bu turniri yaxından izləmələri tövsiyə olunur. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.

Xəbər 460 dəfə oxundu.