Romada “Masters” seriyalı tennis turniri keçirilir
Romada “Masters” seriyalı tennis turniri start götürüb.

Koronavirusa yoluxduğuna görə “US Open”dən kənarda qalan Benua Per İtaliyadakı yarışda mübarizəni ilk mərhələdə dayandırıb. Fransalı raketka ustası yerli idmançı Yannik Sinnerlə bacarmayıb. İtaliyalı gənc tennisçi 2 setdə inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb - 6:2, 6:1.

Bolqarıstanlı Qriqor Dimitrov isə favorit statusunu doğruldub. O, italiyalı digər tennisçi Canluka Magerdən üstün olub. Bu qarşılaşmanın da taleyinə 2 setdə aydınlıq gəlib - 7:5, 6:1.

Qadınların yarışına gəlincə, belçikalı Eliz Mertens Romadakı yarışa qələbə ilə start verib. O, tayvanlı Se Şuveyi 6:3 və 6:1 hesabı ilə məğlub edib. Amerikalı 19 yaşlı Amanda Anisimova təcrübəli Donna Vekiçi mübarizədən kənarlaşdırıb. Xorvatiyalı raketka ustası hər 2 setdə tay-brekdə uduzaraq yarışdan kənarda qalıb – 6:7, 6:7.

Turnirin ikinci günündə - sentyabrın 15-də kişilərin yarışında 12, qadınların mübarizəsində isə 11 görüş təşkil olunacaq.

Yarışa sentyabrın 21-də yekun vurulacaq.

Xəbər 506 dəfə oxundu.