Tovuzda kross qaçışı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Tovuz Olimpiya İdman Kompleksində kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.

Çempionatda 75 atlet 8 məsafə üzrə mübarizə aparıb.

Qadınların yarışında 1 kilometr məsafəyə qaçışda Aksana Cəlilova birinci olub. Bahar Mustafayeva 2, Günel Manafova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində Elgün Vəliyeva 2, Mahmud Mehdiyev 3, Vahid Kərimov 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda hesabında Bakı atletləri birinci pillədə qərarlaşıblar. Gəncə komandası yarışı ikinci, Tovuz isə üçüncü pillədə başa vurublar.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Gəncə, Xızı, Naxçıvan, Bərdə, Xocalı və İsmayıllı komandalarından olan idmançılar təmsil olunublar.

Xəbər 594 dəfə oxundu.