Azərbaycan Boks Federasiyasının vitse-prezidentinin AIBA-nın rəhbəri vəzifəsinə namizədliyi irəli sürülüb
Dekabrın 12-13-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) növbədənkənar konqresinin keçirilməsi nəzərdə tutulub.

Koronavirus pandemiyası səbəbindən onlayn keçirilməsi planlaşdırılan tədbir çərçivəsində qurumun yeni prezidentinin seçilməsi gözlənilir. Bununla bağlı yaxın günlərdə yekun qərar açıqlanacaq.

AİBA-nın rəhbəri vəzifəsinə assosiasiyanın İcraiyyə Komitəsinin bir neçə üzvünün təşəbbüsü ilə həmin komitənin üzvü, ABF-in vitse-prezidenti Süleyman Mikayılovun namizədliyi irəli sürülüb. Hələlik yeganə namizəd olan həmyerlimiz pandemiya dövründə çətin və məsuliyyətli yükün altına girdiyini, sevimli idman növü olan boksun inkişafına töhfə vermək arzusunu qeyd edib.

O bildirib ki, dünya boks ailəsi son prezident seçkilərindəki səhvi təkrarlamamalı, lazım olan lideri seçməli və boksun dünya idmanındakı nüfuzunu qaytarmalıdır. Əlli səkkiz yaşlı S.Mikayılovun platformasının əsasını seçkilərdən sonra qurumun maliyyə dayaqlarını möhkəmlətmək, strukturu yenidən formalaşdırmaq və Beynəlxalq Olimpiya Komitəsi ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq təşkil edir. Həmçinin 2024-cü ilədək büdcənin hazırlanması da prioritet hədəflər arasında yer alıb. Kənar ekspertlərdən ibarət yeni baxış komitəsinin formalaşdırılması üçün isə AIBA-nın əsasnaməsinə dəyişikliklərin edilməsini də məqsədəuyğun sayan sabiq boksçu və hakim idarəetmənin yeni strukturu, yeni maliyyə prinsipləri, etika və mədəniyyət məsələlərində dəyişikliklər, bütün qaydaların yenidən nəzərdən keçirilməsi, qadın boksunun inkişafı üçün layihələrə baxılması, yarışlarla bağlı planların formalaşması, həmçinin AIBA-nın imicinin bərpası və yeni tədbirlərin təşkili üçün PR planların hazırlanmasını təklif edib. S.Mikayılov, həmçinin boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılmaması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacağını da vurğulayıb.

Ötən ilin martında özbəkistanlı Qafur Rəhimovun AIBA-nın prezidenti vəzifəsini tərk etməsindən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan yerinə yetirir.

Xəbər 518 dəfə oxundu.