“Futbola sevməyən insanlar dünya ulduzlarına görə stadionlara gələcəklər”
“Bakıya gələn FİFA-nın nümayəndələrini salamlayıram. Bu gün Azərbaycanda böyük futbol bayramıdır. Çünki ölkəmizdə ilk dəfə futbol üzrə dünya çempionatı olacaq və bu gün həmin yarışın püşkatması keçiriləcək”. İdman.com.az saytının məlumatına görə, bu fikri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Azərbaycanda 17 yaşadək qızlardan ibarət dünya çempionatının Yerli Təşkilat Komitəsinin sədri olan Məmmədov bu gün keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

O, yığmamızın qarşısına qoyulan məqsəddən danışıb: “Yığmamızın qarşısına məqsəd qoyulub. Bu, qrup mərhələdən çıxmaqdır. Nəzərə alaq ki, biz ilk dəfə final mərhələsində iştirak edirik. Anlayırıq ki, 15 ən güclü yığma seçmə mərhələdən çıxıb, biz isə birbaşa vəsiqə qazanmışıq. Biz 20 ayın gənc komandasıyıq. Hər bir işdə məqsəd qoyulmalıdır. Biz də bunu qrupdan çıxmaq kimi qoymuşuq. Əsas odur ki, xalq milli komandanın arxasında dursun. Necə ki, yaxında başa çatan Avropa çempionatında Ukraynanın timsalında bunu gördük. Biz inanırıq ki, Azərbaycanda da bunu görəcəyik”.

Məmmədov dünya çempionatına namizədliyini verməkdən öncə ciddi-götür qoy etdiklərini bildirib: “Biz azarkeşlərimizi futbola cəlb etmək üçün əsas amillərdən kimi dünya şöhrətli müğənniləri dəvət etməyi qərara aldıq. Hətta ümumiyyətlə, futbola sevməyən insanlar dünya ulduzlarına görə stadionlara gələcəklər. Təkcə qadın futbolunun yox, ümumiyyətlə, Cennifer Lopes, Şakira, Rihana kimi ulduzların pərəstişkarlarını stadionlarda görə biləcəyik. İndiyə kimi satılan biletlərin 70 faizi bu ulduzları stadionlar görmək istəyinə görədir”.

Xəbər 882 dəfə oxundu.