Azərbaycanda ilk dəfə “Peşəkar boks gecəsi” keçirilib
Azərbaycan Peşəkar Boks Federasiyasının və ölkəmizlə yanaşı, xaricdə də peşəkar boks döyüşlərinin keçirilməsi, boksçularımızın beynəlxalq arenada tanıdılması ilə məşğul olan “Baku Fight Lab” promouter şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar boks gecəsi” keçirilib.

“Boks gecəsi”ndə 16 peşəkar boksçu çıxış edib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həvəskar karyerasında nailiyyətləri olan və peşəkar rinqdə debüt edən idmançılar da mübarizə aparıblar. Döyüşlərin qaydalara uyğun keçirilməsi Azərbaycan Peşəkar Boks Federasiyası tərəfindən idarə edilib. Nəticələr “Boxrec” tərəfindən beynəlxalq boks statistikasında qeydə alınıb və bu qaliblərin karyerasında mühüm pilləyə çevriləcək.

Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənov bu sahənin inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib: “Fevralda ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə beynəlxalq təlimlər keçirmişdik. Hazırda isə promouter şirkəti ilə əməkdaşlıq nəticəsində “Peşəkar boks gecəsi” təşkil olunub. Bunlar mühüm nailiyyətlərdir və bu istiqamətdə işlər davam etdiriləcək. Məqsədimiz peşəkar boksçularımızın inkişafı, beynəlxalq arenada uğur qazanmaları və idmanın bu növü üzrə ölkəmizin nailiyyətlərinin tanıdılmasıdır”.

Tədbirin təşkilində Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun, baş katibi Orxan Muxtarovun və peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi olub.

“Peşəkar boks gecəsi” açıq havada tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməklə keçirilib. Döyüşlərin keçirildiyi ərazi tədbirdən əvvəl mütəxəssislər tərəfindən dezinfeksiya edilib. Bütün iştirakçılar – boksçular, məşqçilər, federasiya nümayəndələri, təşkilat komandası və texniki heyət qoruyucu maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə ediblər.

Tədbir “Nar” mobil operatorunun və Azərbaycanda “Zontes” motosikletlərinin satışı və servis xidmətini həyata keçirən “Zontes Baku”nun sponsorluğu, müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan “Azfar Group”un və “İydə” parfümeriya evinin təşkilati dəstəyi ilə keçirilib.

“Peşəkar Boks Gecəsi” sentyabrın 18-də saat 21:00-da eksklüziv olaraq “CBC Sport” telekanalında yayımlanacaq.

“Boks gecəsi” ilə bağlı görüntüləri https://www.youtube.com/watch?v=vEazo1Lb0EQ linkində yerləşdirilən videoçarxda izləmək mümkündür.

Xəbər 470 dəfə oxundu.