Luis Hamilton Toskana Qran-prisinin qalibi olub
Sentyabrın 11-13-də Formula 1 üzrə dünya çempionatında Toskana Qran-prisi keçirilib. Mövsümün sayca 9-cu yarışı “Mucella” avtodromunda təşkil olunub. 59 dövrəlik mübarizənin qalibi “Mersedes” pilotu Luis Hamilton olub. Britaniyalı pilot bu il mövsümdə 6-cı, karyerasında isə 90-cı qələbəsinə imza atıb. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci olaraq komandasına üçüncü dublu qazandırıb. "Red Bull"un tailandlı sürücüsü Aleksandr Albon üçüncü yeri tutub. Albon karyerasında ilk dəfə podiuma qalxıb.

Yarış iki dəfə qəza ilə əlaqədar qırmızı bayraqlarla dayandırılıb və finişə 20 pilotdan 12-si çata bilib. İki dəfə qırmızı bayraqla mübarizənin dayandırılma halı sonuncu dəfə 2016-cı il Braziliya Qran-prisində olub.

Pilotların siyahısına 190 xalla “Mercedes”in pilotu Luis Hamilton başçılıq edir. “Mercedes”in digər sürücüsü Valtteri Bottas 135 xalla ikinci, “Red Bull”-dan Maks Ferstappen isə 110 xalla üçüncü yerdə qərarlaşıb.

Komandalar yarışında “Mercedes” 325 xalla birinci, “Red Bull” 173 xalla ikinci, “McLaren” 106 xalla üçüncü yerdə gedir.

Formula 1 Toskana Qran-Prisi cari mövsüm tamaşaçıların iştirakı ilə təşkil olunan ilk yürüşdür. Yarışda 2 min 880 tamaşaçının tribunalara buraxılmasına icazə verilib.

Qeyd edək ki, mövsümün 10-cu yarışı 25-27 sentyabrda Rusiyanın Soçi şəhərində keçiriləcək.

Səkinə

Xəbər 447 dəfə oxundu.