Dünya şahmat tacına namizədlər turnirinin iştirakçıları çarter reysi ilə Yekaterinburqa çatdırıla bilərlər
Dünya şahmat tacına namizədlər turnirinin iştirakçıları çarter reysi ilə Yekaterinburqa çatdırıla bilərlər.

Bu barədə TASS-a Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski məlumat verib.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabrın 1-dən namizədlər turnirinin bərpasını elan edib. Ev sahibi turnirin ilk hissəsinin keçirildiyi Yekaterinburq olacaq. FIDE bununla yanaşı, yarış üçün alternativ məkan olaraq Tbilisini seçib.

Dünya şahmat tacına namizədlər turniri martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi turnirə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Xəbər 432 dəfə oxundu.