Bakıda keçirilməsi planlaşdırılan gimnastika üzrə Avropa çempionatlarına ilkin qeydiyyat siyahıları açıqlanıb
Bu il Bakıda təşkil edilməsi planlaşdırılan gimnastika üzrə Avropa çempionatlarına ilkin qeydiyyat siyahıları açıqlanıb.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dekabrın 9-13-nə təyin olunan kişi idman gimnastikası üzrə 34-cü qitə birinciliyində 39 ölkə iştirakını təsdiqləyib. Siyahıya əsasən, çempionluq və mükafatlar uğrunda mübarizə aparacaq 324 gimnastın 159-u böyüklər, 165-i isə gənclər yaş qrupunda yarışa qatılacaq. Ümumilikdə 736 nəfərin Azərbaycan paytaxtına səfər edəcəyi gözlənilir.

Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatında isə 38 ölkədən 304 gimnastın iştirakı gözlənilir. Onların 157-si böyüklər, 147-si isə gənclər yaş qrupunda qitə birincisi olmaq üçün mübarizəyə qoşulacaq. Bu yarışda iştirak üçün isə 699 nəfərin ölkəyə səfəri gözlənilir.

Qeyd edək ki, bu yarışlar, həmçinin Ukraynada keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Avropa çempionatının (26-29 noyabr) təşkili ilə bağlı yekun qərar Avropa Gimnastikası tərəfindən sentyabrın sonunda açıqlanacaq.

Xəbər 463 dəfə oxundu.