Antidopinq qayda pozuntusu törətmiş idmançıların nəticələri ləğv ediləcək
Antidopinq qayda pozuntusu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv olunmalı və medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim olunmalıdır.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən aidiyyəti idman federasiyalarına rəsmi məktub göndərilib.

Dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır. Hər hansı idmançının qadağan olunan maddə və ya üsullardan istifadə etməklə qazandığı nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda mübarizə aparan digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparılması ilə yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən qadağan olunan maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda qazandıqları nəticələr ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır.

Qeyd edək ki, 2019-cu ildə idmanın 5 növü üzrə 5 yarışda (Azərbaycan çempionatı, birinciliyi və kuboku yarışları) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barələrində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb. Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar aşağıdakılardır:

- Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - I yer;

- Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer;

- Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer;

- Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku - I yer;

- Aliyə Müslümova (78 kq) 2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi - II yer;

- Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı - I yer;

- Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer.

Xəbər 502 dəfə oxundu.