BOK prezidenti Tokio Olimpiadası zamanı təhlükəsiz mühitin yaradılmasının zəruriliyini vurğulayıb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tokio Olimpiya və Paralimpiya Oyunlarının bütün iştirakçıları üçün tam təhlükəsizlik şəraiti yaradıldığı halda yarışların keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Tomas Bax bunu BOK rəhbərliyinin onlayn rejimdə keçirilən iclasından sonra təşkil edilən mətbuat konfransı zamanı bildirib.

“Qarşıdakı bir neçə həftə ərzində siz COVID-19-a qarşı həyata keçiriləcək mühüm və fərqli senarilər üzrə tədbirlərin müzakirəsinin şahidi olacaqsınız”, - deyə T.Bax qeyd edib.

Tokioda cari ildə keçirilməsi planlaşdırılan Yay Olimpiya və Paralimpiya Oyunları koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Həmin idman tədbirinə hazırlıqla bağlı məsələlər BOK-un Əlaqələndirmə Komissiyasının sentyabrın 24-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xatırladaq ki, BOK-un Əlaqələndirmə Komissiyasının sədri Con Kouts son müsahibələrinin birində vurğulayıb: “Tokio Oyunları gələn il iyulun 23-də COVID-19-un olmasından və ya olmamasından asılı olmayaraq keçiriləcək”.

Bu məsələyə daha ehtiyatla yanaşan T.Bax isə bildirib ki, Olimpiya Oyunları ilə əlaqədar indiyə qədər qəbul edilən qərarlar zamanı əsas götürülən prinsipə ciddi şəkildə əməl ediləcək. Bu isə o deməkdir ki, həmin hadisə ilə bağlı bütün iştirakçıların təhlükəsizliyi təmin olunacağı təqdirdə Olimpiya Oyunları təşkil ediləcək.

Xəbər 481 dəfə oxundu.