Milli komandamıza yeni məşqçi təyin olunub


Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələrdən ibarət milli komandasında məşqçi dəyişikliyi baş verib. Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə müqavilə müddəti başa çatan almaniyalı mütəxəsis Yohan Tsülkeni ukraynalı Anatoli Dudnik əvəzləyib.

Anatoli Stepanoviç Dudniklə 1 illik müqavilə bağlanılıb. O, kayak və kanoe yığmamızın baş məşqçisi Aleksandr Kolıbelkovun köməkçisi kimi fəaliyyət göstərəcək. 55 yaşlı mütəxəssis yeniyetmə kayak və kanoeçilərimizi qarşıdakı nüfuzlu yarışlara hazırlayacaq, eyni zamanda, kanoe üzrə Avropa və dünya çempionu Valentin Demyanenkonun şəxsi məşqçisi olacaq.

Qeyd edək ki, kayak qayıqlarında avarçəkmə ilə məşğul olan Anatoli Dudnik Ukrayna milli komandasının üzvü olub. O, hazırda veteranların yarışlarına qatılır. Ukraynanın əməkdar məşqçisi 2009-cu ildə veteranlar arasında dünya çempionu adını qazanıb.

Xəbər 1825 dəfə oxundu.