Seyko Haşimoto: Tokio Yay Olimpiya Oyunları nəyin bahasına olursa-olsun keçirilməlidir
Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunları idmançıların və təşkilatçıların səyləri nəzərə alınaraq nəyin bahasına olursa-olsun keçirilməlidir.

Bu sözləri Yaponiyanın Olimpiya və Paralimpiya Oyunları üzrə naziri Seyko Haşimoto Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Con Koutsun Tokioda Olimpiadanın keçiriləcəyini söyləyən açıqlamasına münasibət bildirərkən deyib.

BOK-un vitse-prezidenti koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olmayaraq yarışın baş tutacağını bildirib.
Qeyd edək ki, Tokio Olimpiadasının iyulun 24-dən avqustun 9-dək keçirilməsi nəzərdə tutulurdu. Koronavirus pandemiyası səbəbindən Oyunlar bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. İyunda Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışın formatının sadələşdirilməsinin tərəfdarı olduğunu rəsmən bəyan edib. Oyunların formatının sadələşdirilməsi xərcləri azaltmaq və infeksiyanın yayılmasının qarşısını almağa yönəlib.

Xəbər 634 dəfə oxundu.