Dörddən ikisi mübarizədə
Bakıya “Qalatasaray" gəlir

Azərbaycan futbol klublarının builki avrokubok mübarizəsində gözlənildiyi kimi iki klub sıradan çıxdı. "Sumqayıt" təmiz, "Keşlə" isə "bərabər" məğlubiyyət acısını dadaraq yarışdan kənar qaldılar.

"Sumqayıt" haqqında artıq sözə də ehtiyac yoxdur. Klub Avropa arenasına da çıxandan sonra heyətlə bağlı strateji dəyişiklik etmirsə, burada futbol, sadəcə, ikinci dərəcəli vəzifə olaraq qalır. Çünki müasir futbolda bazar iqtisadiyyatının təməl prinsipləri də yer alır. Bu isə rəqabətədavamlıq prinsiplərinə söykənməlidir.

"Keşlə"nin aqibəti bəlkə də baş məşqçi dəyişikliyindən sonra bəlli idi. Komandanın bir məşqçi ilə yüksəlib, həm də yeni mövsümə hazırlaşması, ardınca yenisinin tapılması Avropa arenasında uğurlu rəqabət baxımından uğurlu gediş sayıla bilməz. Əlbəttə, əksinə olan nümunələri çox görmüşük. Lakin bu həmin vəziyyətlərdən biri deyil. Hər halda yeni sükançının arxalana biləcəyi iki-üç futbolçusu da özü ilə gəlməli idi. Bu isə oturuşmuş futbolu olan ölkələr üçün doğru-dürüst bir yanaşma ola bilərdi.

Açığı, nə "Qarabağ", nə də "Neftçi"nin rəqiblərinə münasibəti heç də aydın olmadı. "Ağ-qaralar"la bağlı məsələ aydındır. Məşqçi ansamblı meydanın ölçüləri ilə oyunçu standartlarının taktiki-funksional gedişlərə olan nisbətini doğru hesablaya bilməmişdi. Bir az təpərli rəqib, belə matçda nöqtə qoya bilərdi.

"Qarabağ"da isə strateji deyil, taktiki və psixoloji məsələ daha çox gündəmdə idi. Zənnimcə, klubda futbolçuların qəribə fərdi arxayınlaşma həddi var. Özü də bunun bir futbolçuda olması yetir ki, bütün oyun sistemi tərs-avand olsun.

Əlbəttə, bu məsələlərdən çox bəhs etməyə dəyməz. Hər iki klubun gələcək rəqibi, hətta mərhələ aşılarsa, bir sonrakı rəqibi də məlumdur.

"Neftçi"nin vəziyyəti ağırdır. Rəqib "Qalatasaray"ı keçmək üçün bütün varlığını ortaya qoyması azdır. Komanda düşünülmüş taktiki gediş etməli, bunu 90 dəqiqəyə sığışdırmalı, hətta ehtiyat "B" planını da əsas plan qədər inandırıcı və güclü etməlidir.

Əks-təqdirdə rəqibin büdrəməsinə güvənməlidir.

Çoxları "Qarabağ"ın artıq pley-offda olduğunu düşünür. Lakin bunu söyləmək üçün ya "Mölde"ni heç tanımamaq, ya da "Qarabağ"ın oyununu düzgün qiymətləndirməmək lazımdır. Azərbaycan çempionu bu rəqibə qalib gəlmək iqtidarındadır. Lakin bunun üçün Şimal rəqibləri ilə müsbət balansın sirlərini bir daha süzgəcdən keçirməlidir. Qələbə üçün ani arxayınçılıq belə zərbə olacaq. Komanda rəqibi öyrənməli və orta zonadan başlamaqla onun meydandakı sərhədini müəyyən etməli, öz güclü silahı olan tərzini lap əvvəldən rəqibə israrla təqdim etməlidir. Erkən qol isə bütün oyunu asanlaşdıra bilər. Amma bir şərtlə ki, sayıqlıq sona qədər olsun.

BATI YAR

Xəbər 700 dəfə oxundu.