Dünya şahmatının gənclik zirvəsi
İdmanın intellektual növü olan şahmatda böyük uğurlar qazanmaq üçün çox yüksək intellekt səviyyəsinə çatmaq lazımdır və bunun üçün illər tələb olunur.

Doğrudur, qrossmeyster adını artıq 12-13 yaşından da alanlar var. Ancaq bu adın alınması hələ böyük yolun başlanğıcıdır. Belə titulluların heç də hamısı ən iddialıların sırasına qatıla bilmir. Hazırda qrossmeyster adını daşıyanların sayı 1500-dən çoxdur.

Bununla belə şahmatçılar ən yüksək iddialara artıq gənc yaşından qatılmağa başlayırlar. Ən böyük uğuru əldə etmək üçün heç olmasa 20 yaşdan bir qədər yüksək həddə çatmaq lazımdır.

Doğrudur, böyüklər arasında dünya çempionu tituluna 20 yaşına çatmamışdan da yiyələnən şahmatçı olub. Ancaq ukraynalı Ruslan Ponomaryov bu ada şahmatda parçalanma olan dövrdə FİDE versiyası üzrə çatıb. Titula yiyələnən zaman onun 18 yaşı yenicə tamam olmuşdu. Eyni versiya üzrə çempionluğa yiyələnmiş daha bir gənc şahmatçı Veselin Topalov olub. Lakin bolqar şahmatçı bu titula yiyələnəndə artıq 20 yaşından 7 ay keçmişdi.

Hazırkı dünya çempionu, 7 ildir titulu heç kimə verməyən norveçli Maqnus Karlsen dünya çempionluğuna 23 yaşında yiyələnmişdi. Sovet dönəmində dünya çempionluğuna yüksəlmiş bakılı qrossmeyster Qarri Kasparov isə buna 22 yaşında nail olmuşdu.

Göründüyü kimi, şahmatçılar ən yüksək zirvələrə 20 yaşdan sonra yüksəlirlər və 20 yaşadək bu stereotipi aradan qaldıran yalnız bir şahmatçı olub. Bizim bu yazımızın məqsədi isə 20 yaşadək dünya çempionu olmuş şahmatçılardan bəhs etməkdir.

Xeyr, "20 yaşadək dünya çempionu olan şahmatçılar" deyərkən cəm halını işlədəndə heç də yanlışlığa yol vermədik. Yuxarıda böyüklər arasında dünya çempionluğuna 20 yaşı tamam olmamış yalnız bir şahmatçının çatdığını söyləməyimizi yaxşı xatırlayırıq. Biz sizə böyüklər arasında dünya çempionu olmuş gənclər deyil, 20 yaşadək gənclər arasında keçirilən dünya çempionatlarının qalibləri haqqında bəhs etmək istəyirik. Ələlxüsus da bu yarışlarda indiyədək heç kimin təkrarlaya bilmədiyi ən unikal rekordun məhz Azərbaycan şahmatçısına məxsus olduğu halda.

Ancaq hər şeyin öz sırası var. Gəlin, ilk növbədə 20 yaşadək gənclər arasında dünya çempionatlarının keçirilməyə başladığı ilk illərə yollanaq.

İndiyədək 20 yaşadək oğlanlar arasında dünya çempionatı 58 dəfə keçirilib, 57 şahmatçı onların qalibi olub. Bəs niyə çempion şahmatçıların sayı çempionatların sayından azdır? Bu barədə bir qədər sonra.

1951-ci ildə Koventri/Birmingemdə keçirilmiş ilk çempionatda yuqoslaviyalı Borislav İvkov qalib oldu. 1973-cü ilə qədər yarış iki ildən bir keçirilirdi. Daha sonra hər il keçirilməyə başlayıb.

1955-ci ildə ilk dəfə qalib adına gələcəyin böyüklər arasında dünya çempionu yüksəlib. Yarış Belçikanın Antverpen şəhərində baş tutmuşdu. Bu, gənclik uğurundan 14 il sonra böyüklər arasında titula yiyələnmiş 10-cu dünya çempionu, SSRİ təmsilçisi Boris Spasski idi.

Gənclərin çempionlarının siyahısında gələcəyin dünya çempionu (böyüklər arasında) kimi rast gəldiyimiz ikinci ad daha bir sovet nümayəndəsi Anatoli Karpovdur. Məhz Spasskinin 10-cu dünya çempionu olduğu ildə 12-ci dünya çempionu hələ ən böyük uğurundan 6 il öncə 18 yaşında ikən Stokholmda gənclik zirvəsinə qalxdı.

1980-ci ildə Dortmundda gənclərin 19-cu çempionu, 5 il sonra böyüklər arasında 13-cü dünya çempionu olacaq 17 yaşlı Bakı şahmatçısı Qarri Kasparov oldu.

Turnirdə bir məğlubiyyət belə almayan Kasparov ikinci yeri tutan ingilis şahmatçısı Naycel Şortu qabaqladı. Yeri gəkmişkən, həmin yarışdan 13 il sonra eyni rəqiblərin Londonda Peşəkar Şahmat Assosiasiyasının dünya çempionluğu matçında da Bakı şahmatçısı ingilisdən üstün olmuşdu.

20 yaşlılar arasında çempion olmuş gələcəyin növbəti dünya çempionu və hələlik gənclik və böyüklər zirvəsinin hər ikisində məqam tutmuş sonuncu qrossmeyster Vişvanatan Anand olub. Hindistan şahmatçısı 1987-ci ildə Filippinin Baqio şəhərində bu uğura imza atmışdı.

90-cı illərdə gənclərin dünya çempionatlarında Bakıda doğulmuş, sonradan vətəndaşlığını dəyişmiş iki şahmatçı qalib olub. 1991-ci ildə Rumıniyanın Mamaya şəhərində Vladimir Akopyan, 5 il sonra Kolumbiyanın Medelyin şəhərində Emil Sutovski fərqləniblər.

2003-cü ildə müstəqil Azərbaycana 20 yaşadək gənclərin dünya çempionatı tək turnir kimi deyil, həm də çempion titulu ilə gəldi. Naxçıvanda keçirilən yarışda 18 yaşlı Şəhriyar Məmmədyarov 13 turda 10 xal toplayaraq 20 yaşlılar arasında dünya çempionu oldu. Yeri gəlmişkən, həmin il bu uğurundan 4 ay sonra Yunanıstanın Halkidiki şəhərində Şəhriyar 18 yaşlılar arasında da dünya çempionu oldu.

Naxçıvandakı yarışa gəldikdə, çempionatda ikinci yeri 9,5 xalla belaruslu Sergey Azarov, üçüncü yeri 8,5 xalla ukraynalı Aleksandr Zubov tutdu. Yarışda iştirak edən digər şahmatçılarımızdan Qədir Hüseynov və Vüqar Həşimov 8 xalla rusiyalı Vitali Baçinlə birgə 4-6-cı yerləri bölüşdülər. Yarışı 7,5 xalla başa vuran Rauf Məmmədov Naxçıvanda beynəlxalq usta normasını ödədi.

1982-ci ildən etibarən gənclərin dünya çempionatı qızlar arasında keçirilir və 1987-ci ildə oğlan və qızların yarışının eyni şəhərdə keçirilməsi ənənə halını alıb. Bu ənənə ilə 2003-cü ildə 20 yaşlı qızların da dünya çempionatı Naxçıvanda baş tutdu və qalib adını 11 tura 9,5 xal toplayan gürcüstanlı Nanan Caqnidze qazandı. Rumıniyalı Kristina Kalotesku gümüş, Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova bürünc medal qazandılar. Beləliklə, Məmmədyarovlar ailəsi Naxçıvandan Sumqayıta iki dünya medalı apardılar.

İki il sonra İstanbulda isə Şəhriyar heç kimin tarixdə edə bilmədiyini etdi - ikinci dəfə 20 yaşlı gənclər arasında dünya çempionu oldu. Bunu indiyədək heç bir şahmatçı təkrarlaya bilməyib. Məhz bu səbəbdən də yazının əvvəlində də qeyd etdiyimiz kimi, indiyədək keçirilmiş 58 yarışın qalibi 57 şahmatçı olub.
Qeyd edək ki, İstanbulda şahmatçımız titulu yarışın başa çatmasına bir tur qalmış özünə təmin edib.

Son çempionat 2019-cu ildə Hindistanın Nyu Dehli şəhərində keçirilib və yarışın qalibi ukraynalı Yevgeni Ştembulyak olub.

Vüqar İNQİLABOĞLU


Xəbər 905 dəfə oxundu.