Atletika üzrə Azərbaycan millisinin açıq havada məşqləri davam edir
Sentyabrın 7-də atletika üzrə Azərbaycan milli komandasının açıq havada növbəti məşqi keçirilib.

Məşqlərə milli komandanın baş məşqçisi Bəhruz Salehli, tullanmalar üzrə məşqçi Ziyad Xəlfəyev və qaçış üzrə məşqçi Ceyhun Hüseynov rəhbərlik ediblər.

Məşqçi Ziyad Xəlfəyev qeyd edib ki, idmançılar məşqlər zamanı tibbi maskadan istifadə və sosial məsafənin qorunması barədə tələblərə riayət edirlər.

Xarici səfərlər haqqında danışan mütəxəssis deyib: “Avqustun sonunda bizə Brilyant Liqadan təklif gəlmişdi. Lakin pandemiya səbəbindən həmin yarışa qatılmadıq. Hazırda qrafikimizdə marta qədər yarış yoxdur. Martda Çinin Nancinq şəhərində keçiriləcək qış dünya çempionatına hazırlaşırıq. Bu yarışdan sonra isə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağıq”.

Xatırladaq ki, Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə beynəlxalq turnirdə Tokio Olimpiadasına vəsiqə qazanıb.

Xəbər 797 dəfə oxundu.