Novak Cokoviç “US Open” turnirindən kənarlaşdırılıb
Dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç qeyri-idman davranışına görə tennis üzrə ABŞ Açıq Çempionatından (US Open) kənarlaşdırılıb.

Novak Cokoviç turnirin 4-cü dairəsinin ilk setində ispaniyalı Pablo Karreno Bustaya 5:6 hesabı ilə uduzub. Bundan məyus olan serbiyalı raketka ilə əlindəki tennis topuna zərbə endirib. Top xətt hakiminin boynuna dəyib. Qadın hakim qışqıraraq yıxılıb və bir müddət yerdən qalxa bilməyib.

Matçın nəzarətçisi ilə danışıqlardan sonra Novak Cokoviç turnirdən kənarlaşdırılıb, dördüncü dairəyə çıxdığına görə mükafatdan məhrum edilib, turnir ərzində yığdığı bütün xallar isə silinib.

Tennisçi özünün “Instagram” səhifəsində hakimin səhhətinin yaxşı olduğunu yazıb, hakimdən, turnirin təşkilatçılarından və azarkeşlərdən üzr istəyib.

Xəbər 661 dəfə oxundu.