Yunis Hüseynov məşqçi karyerasında 80-ci qələbəsini qazanıb
Azərbaycan Premyer Liqasının I turu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olub.

Azsport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, paytaxt klubunda debüt edən 45 yaşlı mütəxəssisin yetirmələri səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəliblər. Bu, Y.Hüseynovun baş məşqçi kimi ölkə çempionatında yubiley – 80-ci qələbəsi olub. O, buna 221-ci sınağında çatıb. Mütəxəssisin hesabında 56 heç-heçə və 85 məğlubiyyət də var.

Baş məşqçi kimi 2004-2005-ci il mövsümündə “Karvan”da debüt edən mütəxəssis qələbələrindən 64-nü Yevlax təmsilçisi ilə qazanıb. Mütəxəssis “Standard”da 3, “Xəzər Lənkəran”da 11, “Kəpəz”də 1 dəfə qalibiyyət sevinci yaşayıb.
Qeyd edək ki, Y.Hüseynov ölkə çempionatlarında 80 və daha çox qələbə qazanan 10-cu baş məşqçidir.

Xəbər 698 dəfə oxundu.