Sabiq basketbolçu Stiv Neş “Bruklin Nets”in baş məşqçisi təyin olunub
İki dəfə Milli Basketbol Assosiasiyasında (MBA) mövsümün ən dəyərli oyunçusu seçilən Stiv Neş “Bruklin Nets”in baş məşqçisi təyin olunub.

Sabiq basketbolçu klubla dördillik müqavilə imzalayıb. Bu müddətə “Bruklin Nets”də məşqçi səlahiyyətlərini həyata keçirən Jak Von S.Neşin assistenti kimi fəaliyyət göstərəcək. Vonun məvacibi də azalmayacaq və bununla da o, MBA-da ən çox maaş alan köməkçi kimi diqqət mərkəzinə düşəcək.

S.Neş 2015-ci ildə karyerasını bitirib və bu müddətdə “Qolden Steyt”də məsləhətçi kimi çalışıb.

“Bruklin Nets”ə gəlincə, Nyu-York klubu mövsümün gedişində baş məşqçi Kenni Atkinsonu istefaya göndərmişdi. Bu müddət ərzində Amerika mətbuatı “Bruklin Nets”in “San Antonio”nun baş məşqçisi Qreqq Popoviçlə anlaşacağını yazsa da, bu informasiya öz təsdiqini tapmadı.


Xəbər 846 dəfə oxundu.