Basketbol üzrə Avroliqada yeni mövsümə oktyabrın 1-də start veriləcək
Basketbol üzrə Avroliqa rəhbərliyi yeni mövsüm üçün klubların elektron ünvanına təlimatlar göndərib. Oktyabrın 1-də start götürəcək yeni mövsümə hazırlaşan 18 klub əsasən tibbi xarakterli tövsiyələrə riayət etməlidir.

Avroliqa yeni mövsümü azarkeşsiz keçirmək istəmir. Amma seçimi komandaların ixtiyarına buraxıb. Hər bir klub doğma meydanda tribunada neçə azarkeş qəbul edəcəyini özü müəyyənləşdirəcək. Bununla yanaşı, hər komanda bütün oyunçularını həftədə bir dəfə koronavirus testindən keçirməlidir. Tibbi yoxlanış görüşdən 3 gün qabaq təşkil olunmalıdır. Koronavirusun tüğyan etdiyi ölkələrin təmsilçilərində isə həkimlər basketbolçuları həftədə iki dəfə yoxlamalıdırlar. Özü də bu testlərdən biri mütləq şəkildə oyundan bir gün qabaq keçirilməlidir. Hər hansı basketbolçuda koronavirus aşkarlansa, ona görə bütün heyət karantinə alınmayacaq. Sadəcə həmin oyunçunun komanda yoldaşları növbəti gün testdən keçməli və 3 gündən sonra bu proses yenidən təkrarlanmalıdır. Koronavirusa yoluxan basketbolçu isə iki həftə cəmiyyətdən təcrid olunmalıdır. Yoluxucu infeksiyanı daşıyan oyunçu sağaldıqdan sonra iki dəfə testdən mənfi cavab almalı və yalnız bundan sonra meydana çıxmalıdır.

Hər bir komandanın tibbi personalının tərkibində 1 infeksionistin olması mütləqdir.

Xəbər 789 dəfə oxundu.