“PUBG Mobile” oyunu üzrə Azərbaycan birinciliyinin ikinci turuna yekun vurulub
“Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə sentyabrın 1-də start götürən “PUBG Mobile” oyunu üzrə Azərbaycan birinciliyinin ikinci turuna yekun vurulub.

Turnirin birinci günündə 32 komandanın qarşılaşması nəticəsinə “Clay LOL” cütlüyü rəqiblərini 15 “kills” və 56 xalla geridə qoyub. “Come Back” komandası isə 15 “kills” və 36 xalla ikinci yerdə qərarlaşıb.

Yarışın ikinci günündə baş tutan oyunlarda “Nakhchivan Alinja Towers” komandası 23 “kills” və 63 xalla birinci olarkən ən yaxın rəqibləri “Silent Warriors” komandası 16 “kills” və 52 xalla kifayətlənib. Oyun ərzində “Nakhchivan Alinja Towers” komandasının oyunçusu Süleyman İsmayılov “cycSHERİFF” niki ilə 2-ci xəritədə ən çox “kill” almaqla komandasını birinciliyə yüksəldib.

Ümumilikdə 512 komandadan 1024 idmançının mübarizə apardığı bu turnirdə iştirakçılar hər birində 32 komandanın yer aldığı 16 qrupa bölünüb. Bütün komandalar öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayacaqlar. 18 gün davam edəcək qarşıdurmadan sonra hər qrupda ilk 2 yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən müxtəlif markalı 10 telefon hədiyyə ediləcək.

Son illərdə bütün dünyada məşhurlaşan PUBG Mobile (PlayerUnknown`s Battlegrounds) 2017-ci ildə oyunçulara təqdim edilən kiber idman qoludur. Oyunda əsas məqsəd sağ qalmaq və rəqib iştirakçıları zərərsizləşdirərək qalib gəlməkdir. Sürətli düşünmək və qərar vermək, doğru addım ataraq sağ qalmaq və rəqibi məhv etmək, xəritələri oxumaq kimi bacarıqlara yiyələnən gənclər gələcəyin hərbi mütəxəssisləri kimi yetişirlər.

GLA-nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.

2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən GLA bu günədək 14 kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılması daxildir.

“PUBG Mobile” həvəskarlarının bu turniri yaxından izləmələri tövsiyə olunur. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.

Xəbər 647 dəfə oxundu.