Sabah futzal üzrə “Avro-2022”nin seçmə qrup mərhələsinin püşkü atılacaq
Sabah UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında futzal üzrə “Avro-2022”nin seçmə qrup mərhələsinin püşkü atılacaq.

Püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb. Millimiz “A” səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə bir başa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək.

“Avro-2022”nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

Xəbər 559 dəfə oxundu.