Yeniyetmə kapoeyraçılarımız beynəlxalq onlayn turnirə hazırlığı davam etdirirlər
Oktyabrda kapoeyra üzrə beynəlxalq onlayn turnir keçiriləcək. Yarışda 18 yaşadək idmançılar güclərini sınayacaqlar.

Azsport.az Azərbaycan Kapoeyra Federasiyasına istinadla xəbər verir ki, turnir Ümumdünya Kapoeyra Federasiyasının təşkilatçılığı ilə baş tutacaq. Millimiz yarışa kiçik yaşlı idmançılardan ibarət yığmanın məşqçiləri Fərid Səlimov və Fərid Allahverdiyevin rəhbərliyi altında hazırlaşır.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilən hazırlıq prosesi ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunur.

Qeyd edək ki, turnirdə müxtəlif ölkələrdən idmançılar güclərini sınayacaqlar və onlayn platforma üzərindən mübarizə aparacaqlar. Atletlər yarışda iştirak üçün idmançı pasportları vasitəsilə qeydiyyatdan keçirlər və şəxsi hesablarını yaradılar. Turnirdə iştirak hüququ qazanan idmançılar solo performans videolarını həmin hesablarına yükləyirlər. Platforma avtomatik olaraq rəqibləri seçəcək və yarış mərhələlər üzrə davam edəcək. Hər yeni mərhələdə videolar yenilənəcək. Videolar Ümumdünya Kapoeyra Federasiyasının xüsusi qaydaları əsasında çəkilir.

Xəbər 516 dəfə oxundu.