Milli komandamızın təlim-məşq toplanışı davam edir
Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburq yığmasını qəbul edəcək milli komandamızın təlim-məşq toplanışı davam edir.

Klubların heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar. Yeganə legioner Renat Dadaşovdan başqa bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər. İsveçrənin “Qrashoper” klubuna transfer olunan R.Dadaşov isə sentyabrın 1-nə keçən gecə Bakıya gələcək.

Millimizin üzvləri koronavirus testindən də keçiblər.

Qeyd edək ki, Əmir Ağayev (“Atromitos”, Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov (“Albasete”, İspaniya) və Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyiblər.

Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Millimiz üç gün sonra isə Kiprin qonağı olacaq.

Xəbər 479 dəfə oxundu.