Yunan-roma güləşi üzrə komandalarımız son hazırlıq prosesinə start verib
XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək sərbəst və yunan-roma güləşi üzrə yığma komandalarımız 4 illiyin zirvə yarışına hazırlıq məqsədilə Qəbələ və Qusar rayonlarında son hazırlıq prosesinə start verib. İdman.com.az saytının xəbərinə görə, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında iyulun 3-dən etibarən Qəbələdə təlim-məşq toplantısına başlayan sərbəst güləş yığmamızın heyətinə Olimpiya oyunlarında iştirak edəcək bütün güləşçilərimiz, eləcə də onların çəki dərəcələrindəkı sparrinq-rəqiblər daxil edilib. Bundan başqa, bu ilin sentyabrında Taylandda keçiriləcək gənclərin dünya çempionatına hazırlaşan gənc güləşçilərimiz də Qəbələdə əsas yığma ilə birgə hazırlıq keçəcək. Təlim-məşq toplanışı iyulun 21-dək davam edəcək.

Qeyd edək ki, Olimpiya oyunlarının sərbəst güləş yarışlarında Azərbaycan 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində təmsil olunacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamız isə XXX Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə sonuncu tədbirlər planına əsasən, iyulun 4-dən 24-dək Qusarda baş məşqçi Salih Bora və böyük məşqçi Şaban Donatın rəhbərliyi altında hazırlıq prosesi keçəcək. Londonda 55, 60, 74, 84 və 96 kq çəki dərəcələrində çıxış edəcək yunan-roma yığmamızın lider idmançılarına hazırlıq prosesində həmin çəkilərdəki bütün tanınmış güləşçilərimiz kömək edəcək.



Xəbər 1056 dəfə oxundu.