“FIFA-2020” I Liqasında 26-cı turun oyunları keçirilib
“FIFA-2020” I Liqasında 26-cı turun oyunları keçirilib.

Turun mərkəzi qarşılaşması “Qazax Ashiqs” və “Qobustan Stones” komandaları arasında baş tutub. Bu tura qədər qazaxlıları lider Qubadan 4, ikinci pillədəki Naxçıvan təmsilçisindən isə cəmi 1 xal ayırırdı. Lakin öz oyunlarını qələbə ilə başa vuran Quba və Naxçıvan klublarından fərqli olaraq, Qazax komandası gözlənilmədən Qobustan kollektivinə 1:2 hesabı ilə uduzaraq liderlə xal fərqini 7-yə çatdırıb.

Turun maraqla gözlənilən digər oyunu Şəki və Qarabağ klubları arasında keçirilib. Dördüncü və beşinci pillələrdə qərarlaşan komandalar liderlərə maksimum yaxınlaşmaq əzmində idilər. Qələbə hər iki komandaya hava-su kimi vacib idi. Gərgin keçən qarşılaşmada bəxt Qarabağın üzünə güldü. Minimal üstünlüklə (2:3) qalib gələn “köhlən atlar”, “şəki xanları” ilə xallarının sayını bərabərləşdirdi. Beləliklə, eyni xala sahib Qarabağ və Şəki kollektivlərindən, məhz qalib olan Tural Həsənovun komandası dördüncü pilləyə yiyələnib.

Turun daha bir maraqlı nəticəsi “Tovuz Winegrowers” komandasının Mingəçevir üzərində qazandığı böyük hesablı (0:4) qələbə olub.

Autsayderlər qrupunda qərarlaşan Qax və Zaqatala təmsilçiləri arasında keçirilən gərgin qarşılaşmada (3:3) qalib müəyyənləşməyib. Turun digər oyunlarında Şamaxı Gəncədən (2:1), Neftçala isə Balaxanıdan (4:1) üstün olub. “Siazan Castles” – “Lankaran Heroes” oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.

Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.

Qeyd edək ki, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən I Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBankdır.

Xəbər 720 dəfə oxundu.