“Keşlə” və “Laçi” komandalarının start heyətləri açıqlanıb
UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində avqustun 27-də keçiriləcək “Keşlə”-“Laçi” (Albaniya) oyunu üçün komandaların start heyətləri açıqlanıb.

“ASK Arena”da keçiriləcək görüşdə “Keşlə”nin start heyətində Stanislav Namaşko, İlkin Qırtımov, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Vüsal İsgəndərli, Azər Salahlı, Miyuşko Boyoviç, Artur Batista, Con Kamara və Aleksandr Kristovao yer alıblar.

“Laçi”nin ilk “onbirliyi”ndə isə meydana Alan Şerri, Redon Cixa, Ramos De Oliveyra, Kirian Nvabueze, Regi Luşkya, Radolf Türkay, Artid Deliu, Albon Marku, Aleksandar İqnyatoviç, Adolf Selmani və Teko çıxacaqlar.

Görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona yan xətt hakimləri Davit Qabisoniya və David Axvlediani kömək edəcəklər. Dördüncü hakim funksiyasını İrakli Kvirikaşvili yerinə yetirəcək.

Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

“Keşlə”–“Laçi” matçı saat 21:00-da start götürəcək. Matç İctimai Televiziya ilə canlı yayımlanacaq.

Bu, rəqiblərin Avroliqada ikinci duelidir. 2015-2016-cı il mövsümündə - Bakı təmsilçisi “İnter” adı ilə qatıldığı yarışda rəqibini mübarizədən kənarlaşdırmışdı. Birinci təsnifat mərhələsində Albaniyadakı ilk oyunda 1:1 hesablı heç-heçə edən bakılılar paytaxtda qol vura bilməsələr də, öz qapısını toxunulmaz saxlamaqla növbəti mərhələyə yüksəlmişdi.

Xəbər 760 dəfə oxundu.