Azərbaycanın və Polşanın Antidopinq agentlikləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Avqustun 27-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Polşa Antidopinq Agentliyi (POLADA) arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki qurumun rəhbər şəxsləri və digər əməkdaşlarının iştirak etdiyi görüş videokonfrans formatında baş tutub.

Azsport.az AMADA-ya istinadla xəbər verir ki, görüşdə əsasən 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi və COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi, o cümlədən təhsil və maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə edilib.

AMADA-nın direktoru Şəfəq Hüseynli yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan təcrübəsini polşalı həmkarları ilə bölüşən Ş.Hüseynli bildirib ki, Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi proqramı il ərzində mərhələli şəkildə həyata keçirilir. Yeni məcəllə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi zərurətini yaradır. Məcəllədəki dəyişikliklər və yeniliklər ətraflı öyrənildikdən sonra qanunvericiliyə müvafiq dəyişiklik layihəsi hazırlanaraq Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilib. Layihə təsdiqləndikdən sonra isə aidiyyəti yerli dövlət qurumlarına göndərilib. Hazırda layihə tamamlanma mərhələsindədir.

Görüşdə COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi məsələsi də ətraflı müzakirə edilib. Tərəflər öz təcrübələrini bölüşüb və prosesin daha effektiv təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər 743 dəfə oxundu.