“Strict curl” üzrə ilk Azərbaycan çempionatı keçiriləcək
Sentyabrın 12-13-də Bakı Su İdmanı Sarayının ərazisində “strict curl” üzrə ilk Azərbaycan çempionatı keçiriləcək.

Bu sözləri müsahibəsində pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, Azərbaycan Stronqmen Federasiyasının nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə deyib.

C.Əhmədzadə qeyd edib ki, sentyabrın 11-də çəki prosesi təşkil olunacaq. Yarış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçiriləcək. Çempionatdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçəcək. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunacaq.

“Yarışda idmançılar U-23 və böyüklər yaş kateqoriyalarında mübarizə aparacaqlar. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində qaliblər müəyyənləşəcək”, - deyə C.Əhmədzadə əlavə edib.

AZƏRTAC

Xəbər 708 dəfə oxundu.