Növbəti mövsüm MHL-in oyunları 4 müxtəlif şəhərdə keçirilə bilər
Koronavirus pandemiyası növbəti mövsüm də Milli Hokkey Liqasının (MHL) normal şəraitdə keçirilməsinə mane ola bilər. Yeni mövsümün oyunları 4 şəhərdə təşkil oluna bilər.

Amerikalı jurnalist Con Şennonun verdiyi məlumata görə, liqa rəhbərliyi hər bir komandanın öz meydanında oyun keçirməsinə müsbət yanaşmır. Cari mövsüm müntəzəm çempionat koronovirus səbəbindən yarımçıq dayandırılmış və komandalar müəyyən fasilədən sonra birbaşa olaraq pley-off mərhələsindən mübarizəyə qoşulmuşdu. Hazırda Stenli Kubokunun oyunları Toronto və Edmontonda boş tribunalar önündə keçirilir.

İndiki məqamda MHL rəhbərliyi Oyunçuların Həmkarlar İttifaqı ilə birgə növbəti mövsümün təşkili ilə bağlı danışıqlar aparır. İlkin razılaşmaya görə, komandalar fasilələrlə 4 müxtəlif şəhərdə hərəyə 8 görüş keçirməlidir. Amma bu şəhərlərin hamısının Kanadanı təmsil edəcəyi ilə bağlı heç bir razılıq yoxdur. Oyunların Kanadanın 4 müxtəlif şəhərdə keçirilməsi də istisna edilmir.

Amerika mətbuatı növbəti mövsümlə bağlı daha bir məqamı müəyyənləşdirə bilib. Böyük ehtimalla, komandalar noyabrın 17-dən təlim-məşq toplanışlarına qatılacaqlar. Mövsümün isə dekabrın 1-də start götürəcəyi gözlənilir.

Xəbər 631 dəfə oxundu.