Ayxan Abbasov: Taktiki göstərişləri düzgün yerinə yetirə bilsək, yaxşı nəticənin olacağına ümidvaram
Avqustun 27-də UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” qarşılaşması öncəsi “Kapital Bank Arena”da mətbuat konfransı keçirilib.

Öncə media mənsubları qarşısına “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov çıxıb. Sualları cavablandıran baş məşqçi deyib: “Rəqibi analiz etmişik. Şimali Makedoniyanın ən məşhur klublarındandır. Taktiki göstərişləri düzgün yerinə yetirə bilsək, yaxşı nəticənin olacağına ümidvaram. Evdə oynayırıq, məlum səbəb görə azarkeş olmasa da, bu, bizim üstünlüyümüzdür. Zədəlilərimiz yoxdur, hamı oyuna tam hazırdır. Əsas futbolçularımızın komandadan ayrılması, vaxtımızın və transferlərin azlığı bizə müəyyən çətinliklər yaratdı. Çempionatda isə cəmi bir tur oynamışıq. Amma bunun bəhanə olmasını, çətinliklər barədə düşünməyimizi istəmirəm. İnanıram ki, sabah uğurlu nəticə göstərəcəyik. Rəqibə gəldikdə isə, texnikalı, bir-birilərini başa düşən futbolçuları var. Eyni zamanda, gənclər də çıxış edir. Rəqibi düzgün analiz etmişik. Nəticə üçün oynayacağıq. Rəqibin üstün cəhətləri cinahdan daha çox asmalar etmələri və qısa ötürmələrlə müdafiəni yarmalarıdır. Uzaqdan qollar vuranoyunçuları da var. Bunların qarşısını almağa çalışacağıq”.

AZƏRTAC

Xəbər 750 dəfə oxundu.