Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin fevralında keçirilə bilər
Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi qurumun prezidenti vəzifəsinə seçkilərin 2021-ci ilin fevralında keçirilməsini təklif edib.

Bu barədə AOK-un mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, qurumun prezidentliyinə erkən seçkilərin keçirilməsi üçün ilk növbədə AOK-un nizamnaməsinə dəyişiklik edilməlidir. Təklif olunan düzəliş təsdiqlənərsə seçkilər 2021-ci il fevralın sonunda baş tuta bilər.

Xatırladaq ki, AOK-un sonuncu prezidenti Yanes Koçyançiç uzun sürən xəstəlikdən sonra iyunun 1-də vəfat edib. Qurumun əsasnaməsinə görə, birinci vitse-prezident Nils Nyuqor seçkilərə qədər prezident səlahiyyətlərini yerinə yetirir.

Yetmiş doqquz yaşında vəfat edən Y.Koçyançiç 2017-ci ildən AOK-a rəhbərlik edib. O, 2015-ci ildən qurumun İcraiyyə Komitəsinə üzv seçilib. Y.Koçyançiç bir neçə dəfə Azərbaycanda olub. O, ötən il Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində də iştirak edib.

Xəbər 578 dəfə oxundu.