Futbolumuz “Qarabağ" zəfəri ilə yaşıl meydana qayıtdı
Azərbaycan futbol klublarının qıtə miqyasında debütünü çempion etdi. Uzun fasilədən sonra ilk rəsmi matçın həyəcanı öz yerində, lakin azarkeşsiz olsa da, bu matç böyük ictimai rezonans doğurdu. Əlbəttə, hər kəsi komandalarımızın 5 aya yaxın müddət ərzində vəziyyəti maraqlandırır. Bu rəqabətdə rəqibin dişəçəkilən olması da yerinə düşdü.

Həqiqətən də oyun göstərdi ki, "Qarabağ" ciddi sınaqlar ərəfəsində yaxşı məşq keçərək, əyər-əskiklərini, çatışmazlıqlarını qiymətləndirməlidir. Lakin "Qarabağ"a dogma divarlar arasında bəzən oyun sıxıntısı da keçirmək xasdır. Bu mənada sevindiricidir ki, kollektiv rəqibini ciddi qəbul etmişdi. İlk qolun erkən olması və sonrakı dəqiqələr də əyani nümayiş etdirdi ki, "Qarabağ" oyunun buxovunu əldən verməyəcək. Üstəlik, ilk qolun kombinasiyalı gedişlərin nəticəsi olması də ümidləri xeyli artırmışdı. Qarşılaşma komandanın yeni üzvlərinin də tezliklə tam kollektiv ab-havasına düşəcəyinə inamı artırdı. Bircə əvvəlki illərin təcrübəsi bir qədər ehtiyatlanmağa vadar edir. Komanda bir qayda olaraq, Avropa mövsümünə ümidverici oyunla başlayıb sonradan qəribə axara düşür. Lakin budəfəki komplektləşmə də az-çox məntiqli görünür.

İkinci mərhələdə rəqib heç də ilk oyundakı kimi asan olmayacaq. Doğrudur, bu kollektivlə qarşılaşmaların müsbət saldosu var. Lakin bir matçdan ibarət yarışların yeganə üstünlüyü olan "ev" anlayışı da bir qayda belə matçlar üçün rəmzi xarakter daşıya bilir. Həm də "Şerif" üçün bu maneə də olmaya bilər.

Bununla belə "Qarabağ"ın bu qarşılaşmada məğlub olması üçün ciddi əsas yoxdur. Çünki əsas sınaqlar bundan sonra başlanacaq. Üstəlik, bu il Avropa yarışlarının qrup raunduna vəsiqə almaq ikiqat vacibdir. Burada, sadəcə, maliyyə dayaqları deyil. Eyni zamanda qitə miqyasında oyun praktikasının inkişafı baxımından çox vacibdir. Bu, pandemiya şəraitində hələ də gələcəyi naməlum yarışda komandanı tonusda saxlamaq və mənəvi dəstək yolu ilə fiziki-strateji hədəfləri yüksəltmək üçün lazımdır.

Əlbəttə, digər kollektivlərimiz üçün də bu qayda mütləqdir. Hər üç Avrokubok təmsilçimiz üçün çox mürəkkəb bir şəraitdə matçlar gözlənilir. Lakin Avroliqa təmsilçilərimiz üçün dogma divarlar arasında oynamaq çox mühüm üstünlükdür. Buna görə yaranmış fürsəti ikiqat şans kimi dəyərləndirib, oyunlara ciddiyyətlə çıxmaq vacibdir. Milli çempionatın ilk turuna görə suallar daha çoxdur. Lakin ümid edək ki, ilk rəsmi görüşlərin gətirəcəyi həvəslə qarşılaşmalara müvafiq və ən əsası, doğru oyun planı ilə çıxacaqlar.

Qeyd edək ki, pley-off mərhələsinə qədər komandalar bir oyundan ibarət matçlarda qüvvələrini sınayacaqlar. Deməli, "ev" oyunları ilə yarışa qoşulmağın üstünlükləri az deyil. Ovqata girmək üçün lazım olan bu məqam, daha sonra iştahı diş altına salmağa kömək edə bilər. Ən əsası, pandemiyadan eyni qayda ilə zərbə görmüş rəqiblərdən sürprizli xalların qoparılması ilə daha da irəli getmək mümkündür. Lakin bunun üçün istək və həvəs azdır. Komandalarımızın transfer bazarındakı münasib vəziyyəti bu dəfə də yetərincə dəyərləndirməmələri göz önündədir. Hərçənd bu, daha qlobal məsələlərin işarəsidir.

BATI YAR

Xəbər 1334 dəfə oxundu.