“Şahmat həyatdır
"Şahmat həyatdır" - dünya şahmat tarixinin ən dahi nümayəndəsi, 11-ci dünya çempionu Robert Fişer onu dünyaya tanıdan bu idman növünə münasibətini bu iki kəlmə ilə bildirib. Dünyada 650 milyon insanın oynadığı, hər gün azı 16 milyon nəfərin hazırkı pandemiya dövründə onlayn partiyalarını keçirdiyi şahmat həqiqətən də milyonların həyatının ayrılmaz bir parçasına çevrilib, on minlərlə insan üçün elə həyatın özüdür.

Orta əsrlərin məşhur ispan yazıçısı Migel De Servantes isə, əksinə, həyatın özünü bir şahmat partiyası hesab edirdi. Fişerin sözləri də məhz yazıçının sözlərinə cavab idi.

Fişer bir deyimində şahmatı həyatın özü ilə tam eyniləşdirdiyi halda, digər fikrində sadəcə bənzərliyini önə çəkir: "Şahmat həyata bənzəyir, ancaq həyat total müharibədir, şahmat isə məhdud müharibədir". Fişerin bənzərlik münasibətini ondan öncəki dünya çempionu Boris Spasski də dilə gətirib: "Şahmat həyata bənzəyir".

13-cü dünya çempionu olmaq iddiası ilə iki dəfə Anatoli Karpova qarşı matç oynayan, lakin istəyinə çata bilməyən Viktor Korçnoy şahmatı bir mərəz sayır - "Şahmat bir xəstəlikdir və ondan qurtulmaq çətindir". Təbii ki, məşhur şahmatçı "xəstəlik" ifadəsini yaxşı mənada işlədib.

Ümumiyyətlə, istər məşhur şahmatçılar-çempionlar, istər tanınmış qələm sahibləri, istərsə də digər məşhur insanlar şahmat barədə çox sayda maraqlı fikirlər səsləndirmişlər. Alman şair-drammaturqu, mütəfəkkiri İohann Volfqanq Göte şahmatı "zəka sınağı" hesab edir. 17-ci əsr fransız riyazıyyatçısı, fiziki, ədibi, filosofu Blez Paskala görə "şahmat beyin üçün gimnastikadır". 1 çempionluq matç-turnirinin, 4 çempionluq matçının qalibi, daha 3 dəfə belə matçlarda şansı əldən vermiş 6-cı dünya çempionu Mixail Botvinnikin təbirincə "şahmat tək zehinlərin mübarizəsi deyil, eyni zamanda əsəblərin mübarizəsidir". Botvinnikin şahmatla bağlı digər bir ifadəsi isə belə səslənir: "Şahmat tək fiqurların deyil, həm də insanların mübarizəsidir - psixologiyanın burada əhəmiyyəti böyükdür".

12-ci dünya çempionu Anatoli Karpov şahmatın psixikaya təsirini daha əhatəli ifadə edib: "Şahmat sadəcə psixika üçün təhlükəli bir şeydir. Əgər müqavimət üçün daxili gücün olmasa, hər şey dəlixana ilə sonlana bilər. Şahmat bir tələdir. O, insandan daha güclüdür".

Karpovun şahmatın məntiqi düşüncəyə, yaddaşın inkişafına təsiri barədə fikri təqdirəlayiqdir: "Şahmat gücünü düzgün dəyərləndirməyi, təhlil etməyi öyrədir. Hələ şahmatın yaddaşı inkişaf etdirməyini demirəm". Bu fikirlərin kökündə, sözsüz ki, məşhur rus pedaqoqu, yazıçısı Vasili Suxomlinskinin dedikləri durur: "Şahmatsız zehni bacarığın və yaddaşın tam inkişafını təsəvvür etmək mümkün deyil. Şahmat oyunu həyata zehni mədəniyyətin bir elementi kimi daxil olmalıdır". Tam bu iddia ilə də şahmat bu gün Azərbaycanda orta məktəblərin tədris planına daxil edilib.
Şahmatla bağlı fərqli fikirlər olduğu kimi, onun insanların həyatında yeri, rolu, funksiyası da fərqlidir. 8-ci dünya çempionu Mixail Tal bu baxımdan öz təsnifatını verib: "Şahmat hərə üçün bir şeydir. Birisi üçün o incəsənətdir, sistemləşdirməni, məntiqi, dəqiq hesablanmış təhlili dəyərləndirənlər üçün elmdir, üçüncü qrup insanlar üçünsə ilk növbədə, mübarizə, həyəcan, riskdir". İlk dünya çempionu Vilhelm Steynitsə görə "şahmat ruhən zəif insanlar üçün deyil".

Üçüncü dünya çempionu Xose Raul Kapablanka üçün şahmat oyundan daha çox bir şeydir: "Bu, müəyyən artistik keyfiyyətləri və çox sayda elmi elementləri olan intellektual diversiyadır". Dördüncü dünya çempionu Aleksandr Alyoxinə görə "şahmat oyun deyil, incəsənətdir". Mixail Botvinnikin fikrincə, "şahmat təhlil sənətidir". İkinci dünya çempionu Emanuil Lasker isə xələflərindən bir qədər fərqli mövqedə olub: "Əlbəttə ki, öz incə və dərin məzmununa baxmayaraq, şahmat sadəcə oyundur və özünə cəmiyyətin həyati tələbatlarına xidmət edən elm və texnika qədər ciddi münasibət tələb edə bilməz. Onu daha da az fəlsəfə və incəsənətlə müqayisə etmək olar".

20-ci əsrin əvvəllərinin ən güclü şahmatçılarından olan Saveliy Tartakover üçün "şahmat dəqiq hesablanmalara əsaslanan oyundur və bəxt, bəxt və bir daha bəxt tələb edir". Kapablanka da hesab edir ki, "yaxşı oyunçunun həmişə bəxti gətirir".
Təbii ki, qalibin bəxtinin gətirməsinin əsas elementi rəqibin səhvidir. Və bu halda hər kəs ümumiyyətlə həyatda olduğu kimi öz səhvlərindən nəticə çıxartmağı bacarmalıdır. Necə ki, Aleksandr Alyoxin deyir: "Şahmat vasitəsilə mən öz xarakterimi formalaşdırdım. Şahmatı ilk növbədə obyektiv olmağı öyrədir. Şahmatda ancaq öz səhvlərini və çatışmazlıqlarını dərk edərək böyük usta olmaq mümkündür. Həyatda da tam belədir".

Tartakoverin fikrincə, "qalib rəqibindən daha az səhv edəndir". Və onun daha bir deyimi "şahmatda sonuncudan əvvəl səhv edən qalib gəlir" kimi səslənir. Səhvləri "şahmatın duzu" adlandıran Tartakover "səhvlər həmişə onlara yol verilməsini gözləyir", "şahmatda yalnız bir səhv ola bilər: rəqibin düzgün dəyərləndirilməməsi. Qalan şeylər yalnız bəxtsizlik və ya zəiflikdir" deyimlərinin də müəllifidir. Emanuel Lasker isə hesab edir ki, "səhvsiz parlaq qələbələr ola bilməz".

Vüqar İNQİLABOĞLU


Xəbər 1003 dəfə oxundu.