Pandemiya Formula 1-in büdcəsinə necə təsir edib?
Formula 1 şirkəti 2020-ci ilin ikinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Koronavirus pandemiyası səbəbindən Formula 1 aprel-iyun aylarında bütün yarışları ləğv edib. Halbuki, ötən il həmin dövrdə 7 yarış keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Formula 1-in gəliri Covid-19 səbəbindən 620 milyon dollardan 24 milyon dollara düşüb. Bu ilin ikinci rübündə rəsmi olaraq qeydə alınan yeganə gəlir, yarış tarixləri ilə əlaqəli olmayan sponsorlardan gəlib. "Liberty Media"nın məlumatına görə, ötən il aprel-iyun aylarında komanda ödənişlərindən sonra 14 milyon mənfəət əldə edən Formula 1, bu ilin eyni dövründə, hətta komanda ödənişləri etməsə belə, 136 milyon dollar zərər edib.

Zərərlərin azaldılması məqsədilə yarışların olmadığı dövrdə Formula 1 rəhbərliyi 500 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Şirkətin icraçı direktoru Çeyz Keri də, qənaət məqsədi ilə özünün, idman direktoru Ross Braunun və daha 15 top-menecerin maaşını həmin dövr üçün 20 faiz azaldıb.

Cari mövsümə yalnız iyulda start verilib. Artıq 6 qran-pri mərhələsi geridə qalıb. İyul-sentyabr ayları ərzində ümumilikdə 10 yarışdan yaxşı gəlir əldə edilməsi gözlənilsə də, keçən ilə nisbətən çox aşağı səviyyədə olacağı şübhəsizdir. Yarışların tamaşaçısız keçirilməsi səbəbindən bu sahədən də gəlir əldə etmək mümkün olmayıb.

“Liberty Media"ya açıqlamasında Formula 1-in icraçı direktoru Çeyz Keri dəqiq maliyyə rəqəmləri haqqında heç bir söz deməyib: "İyul ayında mövsümə başlamaqdan məmnun olduq və nəzərdə tutulan 15-18 yarışdan bir qismini başa vurduq. 2021-ci il mövsümünün xərclərini endirdik, yeni yayım və sponsorluq razılaşmalarını elan edərək işimizi inkişaf etdirdik. FİA-ya, komandalara, promouterlərə, işçilərimizə və yarışa qayıtmağı təmin edən digər əsas tərəfdaşlarımıza minnətdarıq”.

Qeyd edək ki, builki Azərbaycan Qran-Prisinin 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən Azərbaycan Respublikası hökuməti, Formula 1 dünya çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində ləğv edilib.

Səkinə Novruzqızı

Xəbər 578 dəfə oxundu.