“FIFA-2020” I Liqasının 23-cü turu gözlənilməz nəticələrlə yadda qalıb
“FIFA-2020” I Liqasının avqustun 24-də keçirilən 23-cü turu gözlənilməz nəticələrlə yadda qalıb. Ötən həftəni lider kimi başa vuran Naxçıvan komandası uğurlu seriyanı davam etdirə bilməyib və Bakı təmsilçisi “Old City White Pants” komandasına uduzub. Eyni aqibəti “Karabakh Horses” komandasına minimal hesabla uduzan Qazax təmsilçisi də yaşayıb.

Yola saldığımız həftənin lideri “Nakhchivan Alinja Tower”, eləcə də “Qazakh Ashiqs” komandasının məğlubiyyəti “Quba Tigers” komandasının işinə yarıyıb. Tur çərçivəsində “Siazan Castles” komandasına qalib gələn Quba təmsilçisi birinci pilləyə yüksəlib və ikinci yerdəki Naxçıvan təmsilçisini 3 xal qabaqlayır.

Avqustun 25-də komandalar növbəti oyunlarını keçirəcəklər. “FIFA-2020” I Liqasının matçlarını canlı olaraq həftənin altı günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.

Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.

Qeyd edək ki, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən I Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBankdır.

Xəbər 605 dəfə oxundu.