Avroliqada çıxış edən basketbolçuların məvacibləri açıqlanıb
Avropanın nüfuzlu “Eurohoops” nəşri Avroliqada çıxış edən basketbolçuların məvaciblərini açıqlayıb.

“Barselona”nın ağır forvardı Nikola Mirotiç artıq ikinci il qitənin ən çox məvacib alan basketbolçusu kimi diqqət mərkəzinə düşüb. Qarşıdakı mövsüm Mirotiç 5,4 milyon avro maaş alacaq. İkinci pillədə isə 3,7 milyon avro qazanacaq “Anadolu Efes”in oyun qurucusu Şeyn Larkin qərarlaşıb.

3-5-ci yerləri tutan basketbolçular Rusiya klublarında çıxış edirlər. Belə ki, “Ximki”nin müdafiəçisi Aleksey Şved, SSKA-nın mərkəz oyunçusu Nikola Milutinov və oyun qurucusu Mayk Ceyms növbəti mövsüm 2,5 milyon avro qazanacaqlar.

Xatırladaq ki, A.Şved ötən mövsüm bu siyahıda ikinci pillədə qərarlaşmışdı. Sonrakı pillələrdə “Fənərbağça”dan Nando De Kolo, Yan Veselı, “Real”dan Serxio Lyull, Valter Tavareş, Rudi Fernandes, “Barselona”dan Kori Hiqqins, Aleks Abrines, Nik Kalates, “Olimpiakos”dan Kostas Slukas, “Milan”dan Serxio Rodriges, Malkolm Dileyni, SSKA-dan Uill Klayvern və “Makkabi”dən Skotti Uilbekkin yer alıb. Bu basketbolçuların qazancı 1,7–2,4 milyon avro aralığında dəyişir.

Xəbər 675 dəfə oxundu.