“Keşlə”nin qapıçısı Stanislav Namaşko Premyer Liqada 25-ci quru oyununu keçirib
Bakının “Keşlə” klubunun qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 25-ci quru oyununu keçirib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, yubiley 2020-2021-ci il mövsümünün ilk turuna təsadüf edib. “Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. S.Namaşko buna 75-ci oyununda nail olub.

2014-2015-ci il mövsümündə “AZAL”ın heyətində Premyer Liqada debüt edən qapıçı həmin çempionatda 3 quru oyun keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionat ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçu Azərbaycan çempionatları tarixində 25 və daha çox quru matç keçirən 49-cu qapıçı olub.

Qeyd edək ki, bu göstəricidə rekord “Nefçi”nin sabiq qapıçısı Rauf Mehdiyevə məxsusdur. O, 137 oyunda qapısını toxunulmaz saxlaya bilib.

Xəbər 549 dəfə oxundu.