Fikrət Sideifzadə: Azərbaycan komandası çox gözəl nəticəyə imza atdı
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan şahmatçılarımızın mərhələ adlayacağına əmin idik. Amma komandamızın qrupu lider kimi başa vuracağına o qədər də ümid etmirdik. Azərbaycan komandası çox gözəl nəticəyə imza atdı.
Bu sözləri qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Fikrət Sideifzadə müsahibəsində deyib.

O bildirib ki, qrupda Ukrayna və digər güclü komandaları geridə qoyaraq birinci yerə yüksələn yığmamız güclü potensiala malik olduğunu bir daha sübut etdi.

Şahmatçılarımızın növbəti mərhələdə iştirak etməyəcəklərini qeyd edən F.Sideifzadə deyib: “Komandamız birinci yeri tutduğuna görə birbaşa dörddəbir finala vəsiqə qazanıb. Bu, o deməkdir ki, şahmatçılarımız növbəti mərhələdə istirahət edəcəklər. Ümid edirəm ki, yığmamız dörddəbir finalı da qələbə ilə başa vuracaq”.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının top divizionunun B qrupunda mübarizə aparan Azərbaycan komandası 14 xalla birinci yeri tutub. İkinci yerdə Macarıstan, üçüncü yerdə isə Ukrayna komandaları qərarlaşıblar.

AZƏRTAC


Xəbər 617 dəfə oxundu.