Ümumdünya Şahmat Olimpiadası: komandamız həlledici görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda bu gün son turların oyunları keçiriləcək.

Top divizionun B turnirində mübarizə aparan Azərbaycan komandası üçün bu oyunlar həlledici xarakter daşıyacaq. Belə ki, yarışa qələbə ilə start verən yığmamız, ardıcıl olaraq Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının komandalarını məğlub edib liderliyi ələ alsa da, sonrakı oyunlarda o qədər də yaxşı nəticə göstərməyib. Belə ki, şahmatçılarımız dünən keçirilmiş 3 oyunun cəmi birində (Slovakiya -5:1) qələbə qazanıb. Ukrayna və Qazaxıstan komandalarına 2,5:3,5 hesabı ilə məğlub olan şahmatçılarımız, nəticədə beşinci sırada qərarlaşıblar.

Bu qrupda Macarıstan komandası liderlik edir. Ümumiyyətlə, top divizionda B qrupu ən balanslı hesab olunurdu. Məsələn, əvvəldən də Fransa, Norveç və Cənubi Afrikanın pley-offa çıxmayacağı aydın idi. Amma Macarıstanın ən yüksək nəticə əldə etməsi, təbii ki, sürpriz hesab olunur. Bu komandanın ən maraqlı oyunlarından biri 4-cü turda Ukrayna şahmatçıları ilə olub. Ukraynanın komandamız üzərində 4:2 qələbəsindən sonra onun liderliyə gedən yolunu kəsən macarlar, sonrakı görüşdə Slovakiyanı (4:2) da məğlub etməklə birinci yeri tutublar.

Qazaxıstan və İspaniya cədvəlin alt-üst olması üçün əllərindən gələni ediblər. Belə ki, hər iki komanda dünənki bütün matçlarda qalib gələrək, Azərbaycan komandasını beşinci yerə sıxışdırıblar.
Düzdür, oyunlar davam edir və ilk sıralarda yer tutan ən azı beş komanda - Macarıstan (10 xal), Ukrayna, Qazaxıstan, İspaniya (hərəyə 9 xal), Azərbaycan (8 xal) yenə də növbəti mərhələyə yüksəlmək və ya hətta birinci yeri tutmaq şansına sahibdir.
Digər qrupların oyunlarına gəldikdə Çin (12 xal), Hindistan (11 xal), Almaniya (9 xal) A, Rusiya (12 xal), Ermənistan (10 xal), Rumıniya (8 xal) C, ABŞ (8 xal), Yunanıstan (7 xal), Polşa (6 xal) D qrupunda ilk 3 yerdə qərarlaşıb.

Bu gün komandamız son turlarda İspaniya, Norveç və Fransa yığmaları ilə mübarizə aparacaq.


Xəbər 610 dəfə oxundu.