Azərbaycan milli komandası Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayıb
Avqustun 21-də ilk dəfə onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadasının həlledici mərhələsinin – top-divizionun oyunları başlayıb.

Azərbaycan komandası da güclülər dəstəsində mübarizəyə qoşulub. Yığmamız B qrupunda yer alıb. Ölkəmizi Olimpiadada üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, dünya kubokunun qalibi Teymur Rəcəbov, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Gülnar Məmmədova, eləcə də Vüqar Əsədli və qitə birinciliyinin bürünc medalçısı Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, qitə birinciliyinin mükafatçısı Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, 16 yaşlılar arasında dünya birinciliyinin qalibi Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Bu gün komandamız Niderland, Macarıstan, Cənubi Afrika Respublikasının yığmaları ilə mübarizə aparacaq. Sonrakı iki gündə Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa yığmaları komandamızın rəqibləri olacaq. Mütəxəssislər komandamızın şanslarını yüksək qiymətləndirirlər.

Ən yaxşı azərbaycanlı oyunçular, o cümlədən son vaxtlar özünü tanıdan gənc şahmatçılar milli komandanın bayrağı altında birləşiblər. Şahmatçılarımız onlayn formatda keçirilən yarışlarda fəal iştirak edirlər. Sonuncu yarışda - Türkiyə-Azərbaycan dostluq görüşündə komandamız yaxşı təsir bağışlayıb. Çox güman ki, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun başçılıq etdiyi siyahıda yer alan şahmatçılarımız pley-offa vəsiqə qazanacaqlar.

Bu qrupda mübarizə aparan İspaniya və Macarıstan 2-ci divizionunun ən güclü və balanslı heyəti olan komandalar kimi diqqəti cəlb ediblər. Eyni zamanda, onlarla birgə mərhələ adlayan Niderland komandasını da xüsusi qeyd etmək lazımdır. Ötən mərhələdə Aniş Giri və komanda yoldaşlarının göstərdikləri yüksək səviyyəli oyunlar onların imkanlarının da yetərincə olduğunu göstərir. Qrupun əsas favoriti olan Ukrayna isə ən yaxşı oyunçularını səfərbər edə bilməyib. Buna baxmayaraq, Vasili İvançuk və Anton Korobovun rəhbərlik etdiyi komandanın da şansları böyükdür.

Qrupun digər iştirakçısı Qazaxıstan qadın lövhələrində ən güclü duetə sahibdir - Jansaya Abdumalik və Bibisara Asaybaeva həlledici rol oynaya və komandanı növbəti mərhələyə apara bilərlər.

Top divizionda mübarizə aparan A və C qruplarının tərkibi bir qədər bənzərdir. A qrupunda (Çin, Hindistan, Almaniya, Vyetnam, Gürcüstan, İran, İndoneziya, Monqolustan, Özbəkistan, Zimbabve) iki aydın favoritin - Çin və Hindistanın pley-offa yüksəlməkdə çətinlik çəkməyəcəkləri gözlənilir. Çin komandasının heyətində reytinq birincisi Hou Yifan, dünya çempionu Vencun Cu, Hindistan yığmasında isə dünya çempionu Humpi Koneru kimi güclü şahmatçılar yer alıblar.

Eləcə də C qrupunda (Rusiya, Ermənistan, Rumıniya, Türkiyə, İngiltərə, Xorvatiya, Bolqarıstan, Misir, Əlcəzair, Mərakeş) Rusiya komandasını xüsusi qeyd etmək olar. Aleksandr Qrişuk, Yekaterina Laqno Rusiya komandası üçün çox böyük qüvvədir. Eyni zamanda, 18 və 20 yaşadək gənclər arasında dünya çempionu Polina Şuvalovadan da yaxşı oyun gözləmək olar.

Bu qrupda qardaş Türkiyənin komandasının da sabit heyətə malik olduğunu demək olar. Belə ki, yığma balanslı oyun nümayiş etdirərək ikinci divizionda birinci yeri tutub.

D qrupunda (ABŞ, Kuba, Polşa, Yunanıstan, İtaliya, Kanada, Peru, Argentina, Braziliya, Paraqvay) ABŞ birinci yer üçün əsas iddiaçıdır. Bu yığmada Fabiano Karuana və Hikaru Nakamura olmasa da, Uesli So və Cefri Ksionqun heyətində yer aldığı komanda hədsiz dərəcədə favorit görünür. Kuba ikinci ən yüksək orta reytinqə sahibdir.

Top divizionda dörd qrupda 40 komanda mübarizə aparır. Onlardan 12-si (ilk 3 yerin sahibi) avqustun 27-dən 30-dək keçiriləcək pley-off mərhələsində iştirak edəcək.

Xəbər 713 dəfə oxundu.