Azərbaycan Güləş Federasiyası beynəlxalq və milli dərəcəli hakimlər üçün vebinar təşkil edib
COVID-19 pandemiyası ilə əlaqədar güləş yarışları bir neçə aydır ki, təxirə salınıb. Bu müddət ərzində Dünya Güləş Birliyi (UWW) yaranmış boşluğu tez-tez güləşçilər, məşqçilər və hakimlər üçün onlayn seminarlar keçirməklə doldurmağa çalışır. Bununla əlaqədar olaraq, Azərbaycan Güləş Federasiyası (AGF) beynəlxalq və milli dərəcəli hakimlər üçün vebinar təşkil edib.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, onlayn seminarda çıxış edən federasiyanın Hakimlər Kollegiyasının sədri Qərib Əliyev UWW-nin Hakimlər Komissiyasının üzvü Halil İbrahim Cicioğlunun son seminarlarda görüşlərin idarəçiliyi ilə bağlı diqqət yetirdiyi məqamları şərh edib.

Q.Əliyev sərbəst güləşdə xalçadan qaçma, hücum və əks-hücum, yunan-Roma güləşində həm xalçadan, həm də parter vəziyyətində qaçma, eləcə də passiv və neqativ güləş zamanı verilməli olan qərarları hakimlərin nəzərinə çatdırıb.

Vebinarın ikinci mərhələsində isə bir neçə qarşılaşmada icra olunan fəndlər ədalət təmsilçiləri ilə qarşılıqlı müzakirə fonunda qiymətləndirilib.

Qeyd edək ki, hakimlərin onlayn seminarları davamlı olacaq və növbəti həftələrdə də baş tutacaq.

Xəbər 662 dəfə oxundu.